Qəbizliyin bir çox səbəbi var: az hərəkət, az lif və maye, bəzi dərmanlar, qalxanabənzər vəzi və şəkər xəstəliyi, nevroloji xəstəliklər, bağırsağın struktur problemləri. Amma xəstələrin bir qismində səbəb tamam başqadır. Nəcis bağırsaqdan çıxış nöqtəsinə qədər gəlir, lakin boşalma zamanı anal kanal ətrafındakı əzələlər boşalmaq əvəzinə sıxılır. İnsan nə qədər güc versə də, «qapı» açılmır. Bu vəziyyət dissinergik defekasiya adlanır.
Hansı əlamətlər buna işarə edə bilər?
- Nəcis çox bərk olmasa belə çox gücənmək lazım gəlir
- Tualetdən sonra «tam boşalmadım» hissi qalır
- Bəzən boşalmaq üçün əllə kömək etmək ehtiyacı yaranır
- Laksativlər nəcisi yumşaldır, amma problemi həll etmir
- Anal çat və hemorroid tez-tez təkrarlanır
Necə müəyyən edilir?
İlk addım ətraflı söhbət və müayinədir. Təhlükəli əlamətlər varsa (nəcisdə qan, çəki itkisi, anemiya, yaşla birlikdə yeni başlayan qəbizlik), kolonoskopiya aparılır. Müalicəyə cavab verməyən qəbizlikdə isə əsas müayinə anorektal manometriyadır. Bu müayinə istirahətdə, sıxanda və gücənəndə əzələlərin necə işlədiyini ölçür, düz bağırsağın hissiyyatını yoxlayır. Çox vaxt balonla xaricetmə testi ilə birlikdə aparılır.
Müalicə: əzələlərə yenidən öyrətmək
Problem əzələlərin koordinasiyasındadırsa, laksativin dozasını artırmaq çıxış yolu deyil. Burada əsas müalicə biofeedback terapiyasıdır. Seanslarda xəstə ekranda öz əzələlərinin işini görür və gücənmə zamanı onları boşaltmağı, qarın gücünü düzgün istifadə etməyi öyrənir. Beynəlxalq təlimatlar, o cümlədən Amerika Qastroenterologiya Kollecinin 2021-ci il təlimatı, dissinergik defekasiyada biofeedbacki güclü tövsiyə kimi göstərir. Bununla yanaşı qidalanmanın düzəldilməsi, kifayət qədər maye, fiziki aktivlik, düzgün tualet vərdişi və nəfəs məşqləri də vacibdir.
Gündəlik həyatda nəyə diqqət etməli?
- Lifli qidaları birdən yox, tədricən artırın. Bol su için.
- Hər gün eyni vaxtda, xüsusən səhər yeməyindən sonra tualetə vaxt ayırın.
- Ayaqlarınızın altına kiçik taburet qoyun. Bu, oturuş bucağını düzəldir.
- Tualetdə uzun müddət oturmayın və telefonla vaxt keçirməyin.
- Laksativləri uzun müddət özbaşına qəbul etməyin.
Nə vaxt həkimə getməli?
Qəbizlik bir neçə aydır davam edirsə, dərmanlar kömək etmirsə, nəcisdə qan görürsünüzsə, səbəbsiz arıqlayırsınızsa və ya ailənizdə bağırsaq xərçəngi olubsa.